Qusarda Lermontovun xatirəsi: şair burada qarşılıqsız sevgi yaşayıb

9 Avqust 2021, 17:54

Foto Shimal.news

Lermontov 1837-ci ildə Qafqaza sürgün edilib

Qusar rayonunun Fəxrəddin Musaev küçəsində (keçmiş Lenin küçəsi) bir ev-muzeyi yerləşir. Bu evdə 1837-ci ildə bir müddət məhşur rus şairi Mixail Yuryeviç Lermontov yaşamışdır. Şair monarxiya əleyhinə çıxışlarına görə Qafqazda xidmət etməyə sürgün edilmişdir.

Çoxları buranı ev-muzeyi kimi tanısa da, bu ev şəxsi mülkiyyətdir və buranı ziyarət etmək yalnız sahibinin icazəsi ilə mümkündür. Mənzilin şairin rəsmi ev-muzeyi kimi fəaliyyət göstərə bilməməsinin səbəbi isə, burada şairə məxsus əşyaların kifayət qədər olmamasıdır. Şairin azsaylı əşyaları isə Qusar Tarix-Diyarşünaslıq muzeyində saxlanılır.

Azərbaycanlı jurnalist Faiq Zəkiyev yazılarında keçən əsrin 50-ci illərində Qusarda, Qafqaz müharibəsi veteranlarının bəzilərinin nəsillərini tapdığını təsvir edirdi. Onların əksəriyyəti Lermontovun bir müddət Qusarda yaşadığını təstiqləyirdilər. Yerli ağsaqqalların bir əfsanəsi var idi: bir gün Lermontov burada qonşu qızı – qara gözlü Zöhrəyə qarşılıqsız vurulur. Əfsanəyə görə, şair “Xəncər” şeirində Zöhrəyə olan sevgisindən yazır.

Şair məktub və əsərlərində Qusardan bəhs etmir. Ancaq, Qubadan danışarkən Qusarı nəzərdə tutduğu haqqında bir versiya var. Bunun təsdiqinə 1848-ci ilin “Qafqaz təqvimi” ndə rast gəlmək olar ki, burada Qusarın o dövrlərdə adının – Yeni Quba qalası olduğu göstərilmişdir.

Lermontov Qusarda, tanışı (bəzi mənbələrə görə qohumu), hərbi həkim, polkovnik-leytenant Aleksandr Aleksandroviç Marşevin evində yaşayıb. Onun Qusar şəhərində yaşaması xatirəsinə 1970-ci illərdə, evin qabağında şairin barelyefini əks etdirən ağ stela və xatirə lövhəsi qoyulmuşdur. Xatirə lövhəsində şairin şeirindən misralar yazılıb:

“Salamlayıram səni, ağsaçlı Qafqaz! Dağlarına mən qərib səyyah deyiləm ….”

 Mənbələr:

  1. ОЧМАН А. Лермонтовское притяжение. Пятигорск 2014. Стр. 34
  2. БУЛАНОВА О. К 200-летию со дня рождения М.Ю. Лермонтова Эхо.- 2014.- 19 апреля.- С.- 10
  3. Новый часовой No 8-9. Санкт-Петербург 1999. Стр. 23
  4. https://sputnik.az/life/20180930/417247828/qusarda-yashamish-rus-shairi-lermontovun-ev-muzeyi.html

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.