Mircəfər Bağırov 17 sentyabr 1896-cı ildə Quba şəhərində anadan olub. 1933-1953-cü illərdə Azərbaycan SSR-nin rəhbəri olub. El arasında “Mirqəzəb”, “Mircəllad” ləqəbləri ilə tanınırdı.

Bağırov və onunla əlbir olanlar, minlərlə alimi, şairi, yazıçını, dövlət xadimlərini və bir çox günahsız insanları həbs etdiriblər və güllələtdiriblər. Azərbaycanın bir qismi onu xalqa qarşı aparılan repressiyaların qarşısını almadığı və rəhbər vəzifələrə erməniləri təyin etdiyi üçün, güllələnməsini tələb edirdi. 1956-cı ildə aprelin 12-dən 26-na kimi Bakıda ona qarşı məhkəmə prosesi keçirilmişdir. Sonuncu məhkəmə prosesində o vətənə xəyanət və digər cinayətlər törətdiyinə görə, güllələnməyə məhkum edilmişdir.

7 may 1956-cı ildə Bağırov gullələnir və Bayıl həbsxanasının kimsəsizlər qəbiristanlığında dəfn olunur. Buna baxmayaraq 80-ci illərdə belə şayə gəzirdi ki, o güllələnməyib və Rusiyanın Dalnoreçenski şəhərində ölümə məhkum edilənlərin düşərgəsində 17 may 1976-cı ildə vəfat edib və məzarının nömrəsi 1684 olub. Düşərgə rəisinin dediklərinə görə Bağırov sağlam olub və həbsxanada aşpaz işləyib. Lakin 2016-cı ildə onun qalıqları Bayıl həbsxanasının kimsəsizlər qəbiristanlığında tapılıb və buda şayələrin həqiqəti əks etdirmədiyini sübut edir.

Adıgözəl Məmmədovun “Baş tutmamış çevriliş” kitabında bildirilir ki, 1946-cı ildə Dağlıq Qarabağı və Naxçıvanı Ermənistana vermək istərkən, Bağırovun əks tələbləri ilə qarşılaşan Stalin bu fikrindən dönür. Akademik Mirməmməd Cavadzadə isə onun haqda deyir: “Həmin dövrdə SSRİ rəhbərliyi əvvəlcə Dağıstan xalqlarını, sonra isə azərbaycanlıları köçürmək planları hazırlayırdı. Bağırov Stalini fikrindən yayındırır. O anlayırdı ki, Dağıstan xalqları sürgün edilərsə, bu hadisə azərbaycanlıları da gözləyir”.

2016-cı ildə Mircəfər Bağırovun vəsiyətinə uyğun olaraq, məzarı Badamdar qəbiristanlığına oğlunun yanına köçürülür.

Mənbələr:

  1. 100 böyuk azərbaycanlı 1999 S. 41
  2. Adıgözəl Məmmədov. Baş tutmamış çevriliş s. 3
  3. Fazil Məmmədov. Mircəfər Abbas oğlu Bağırov s. 15
  4. Mirməmməd Cavadzadə Konsilium 2007 №1 S. 3
  5. http://istmat.info/node/22355
  6. https://web.archive.org/web/20110927144939/http://www.kinozal.az/site/?name=kinoview&kino_id=50
  7. https://web.archive.org/web/20110927135928/http://www.musavat.com/new/G%C3%BCnd%C9%99m/69420-M%C4%B0RC%C6%8FF%C6%8FR_BA%C4%9EIROVUN_1684_N%C3%96MR%C6%8FL%C4%B0_Q%C6%8FB%C4%B0R%C4%B0