Qubanın Utuq kəndində taxıl sahələrinin biçilməsində çətinliklər yaranıb. Bu barədə 2 avqust tarixində məlum olub.

Yerli əhalinin sözlərinə görə, taxılın becərilməsi üçün dövlət tərəfindən subsidiya ayrılıb. Beləliklə, 40 hektar sahə əkilib, taxıl yetişib və tökülmək üzrədir. Kəndə gedən yol geniş olmadığına görə, kombayn sahəyə daxil ola bilmir. Sakinlər məcbur olub oraqla biçim edirlər.

Utuq kəndi rayon mərkəzindən 70 kilometr məsafədə, yüksək dağlıq ərazidə yerləşir. Rayon icra hakimiyyətindən bildirilib ki, sakinlərə öncədən bu ərazidə taxıl əkməmək xəbərdarlıqı olunub.

17 iyul tarixində kənd təsərrüfatı nazirliyindən verilən məlumata görə, ölkədə taxıl biçini yekunlaşmaq üzrədir. Artıq taxıl sahələrinin 87 faizində proses başa çatıb. Yalnız dağlıq və dağətəyi rayonlarda iş qalıb. Bu il biçini gözləniləndən 10 gün tez yekunlaşdırmaq nəzərdə tutulur.