27 sentyabr 1981-ci ildən fəaliyyət göstərən Xaçmaz Tarix-Diyarşünaslıq
muzeyinin birinci binası istismar müddətini başa vurduğu üçün istifadəyə yararsız
vəziyyətə düşmüşdür. 19 iyul 2013-cu il tarixindən muzey Xaçmaz şəhəri Heydər
Əliyev prospekti 2 ünvanında yerləşən yeni binasında fəaliyyət göstərir.

Muzeyin direktoru Aqil Əlisultanovun verdiyi məlumata görə, burada 5000-ə yaxın
tarixi eksponat var. Ən dəyərli eksponatlarından biri rayonun Ləcət kəndi
ərazisində aparılan qazıntılar zamanı aşkarlanmış e.ə. I minilliyə aid saxsı
küpdür. O vaxtlar bu küpdə ərzaq saxlanıldığı ehtimal olunur.

Muzey iki mərtəbədən ibarətdir. Birinci mərtəbədə İkinci Dünya müharibəsi
illərində Xaçmaz rayonundan cəbhəyə yollanmış döyüşçülərə aid döş nişanları,
orden və medallar nümayiş olunur. Ekspozisiya zalında 20 Yanvar və Birinci
Qarabağ müharibəsi şəhidlərinə aid eksponatlar da yer alıb.

Muzeyin ikinci mərtəbəsində tarix-etnoqrafiya bölməsi yerləşir. Burada müxtəlif
dövrlərdə xaçmazlıların həyat tərzini və məişətini əks etdirən eksponatlar
yerləşdirilib. Muzeydə dəmirçi emalatxanaları və evlərin kiçik maketləri, yerli
əhalinin qədim dövrlərdə yaşayış tərzini və məşğuliyyətini nümayiş etdirir.
Mədəniyyət bölməsində müxtəlif sənət əsərləri, xüsusilə də xalçaçılığa aid
nümunələr, bəzək əşyaları sərgilənir.

Muzeyin binasının “Şəxsiyyətlər parkı”-nın içərisində yerləşməsi “muzey içində
muzey” adlandırılan maraqlı kompleks yaratmışdır. Xaçmaz Tarix-Diyarşünaslıq
muzeyinin “Xalça muzeyi” və “Döyüş Şöhrəti” muzeyi adda iki filialı fəaliyyət
göstərir.

Mənbələr:
1. https://medeniyyet.az/page/news/22161/Xacmaz-tarixdiyarsunasliq-
muzeyine-ziyaretci-sayi-artib.html
2. http://khachmaz.mctgov.az/az/view/360/51/Xacmaz-Tarix-Diyarsunasliq-
muzeyi
3. https://museum.az/az/museum/46
4. https://president.az/articles/8717
5. https://sputnik.az/photo/20171222/413288310/xachmaz-muzeyi-turistleri-
heyran-edir.html