Qusar rayonunun Ləzə kəndi Böyük Qafqaz sıra dağlarının ətəyində, dəniz
səviyyəsindən təxminən 2000 m yüksəklikdə yerləşir. Kəndin əsası Dağıstanın Laza
kəndindən gələn ləzgilər tərəfindən qoyulub. Bu ərazidə hündür qayalıqlardan axan
çoxlu şəlalələr var. Onlardan ən məşhuru Qoşa şəlalədir.
Qoşa Şəlalə haqqında ləzzəlilərin bir rəvayəti var. Bir çoban və bir qız bir birinə
vurulurlar. Lakin qızın dövlətli valideyinləri onu varlı dul kişiylə nişanlayırlar. Cavanlar
razı olmasa da toy hazırlamaları başlayır. Sevgililər toya bir gün qalmış at belində
kənddən qaçırlar. Dağın başında arxalarınca çapan atlılar onları dövrəyə alır. Əlacsız
qalan sevgililər özlərini dərəyə atırlar. Bu zaman möcüzə baş verir: qızla oğlanın özlərini
atdığı yerdə qayaların başında iki şəlalə yaranır. O vaxtdan şəlalələr həmişə yanaşı
axır.
Hal hazırda şəlalənin altında taxtadan qara ev yerləşir. Yerli sakinlərin sözünə əsasən
evi buraya 1988-1991-ci illərdə Azərbaycan Kommunist Partiyasının Mərkəzi
Komitəsinini ikinci katibi Viktor Polyaniçko gətizdirib. Səyahət zamanı buralardan elə
xoşu gəlibki, özünə yay istirahət guşəsi hazırlamaq qərarına gəlib. Kəndlilər, keçən
əsrin 80-ci illərində hərbi texnika ilə bu evin buraya necə gətirildiyini indiyədək
xatırlayırlar. İndi həmin yer yayda istirahətə gələnlərin piknik məskənidir.
Mənbələr:
1) Топонимия Азербайджана Гейбуллаев, Гиясаддин Аскер оглы – 1986
2) Книга Кусар. Садагат Керимова.