Quba Cümə Məscidi 1802 ildə Quba şəhərində İsmayıl Əfəndi tərəfindən inşa edilib. Binanın tikintisi müəyyən fasilələrlə 10 ilə başa çatıb. Sputnik.az saytında qeyd olunur ki məscidin tikintisində istifadə olunan zığ kərpiclər, Quba rayonunun 8-10 kilometrliyində yerləşən İqrığ
kəndində hazırlanıb. Quba camaatı həmin kənddən kərpicləri əlləri ilə bir-birinə ötürə-ötürə məscid tikilən yerə gətirib. Cümə məscidin tikintisində, əsasən un, yumurta və əhəngdən istifadə olunub. Məscidin mehrab hissəsi (yəni qiblə olan tərəfi) Mədinə şəhərində olan
məscidində olduğu kimi işlənib.
Cümə məscidin içərisi və fasad tərəfi səkkizguşəlidir. Yerdən günbəzədək hündürlüyü 25 metrdir. Günbəzin üstündə ay para rəmzi var. Məscidin minbəri qoz ağacından düzəldilib və onpilləlidir. Mehrabın hündürlüyü 3 metrdir. Məscidin yanında olan minarənin hündürlüyü 43
metrdir və 248 pillədən ibarətdir. Minarə Osmanlı memarlıq üslubuna aiddir, yarısı beton yarısı mişar daşdan tikilib, üstündə aypara rəmzi qoyulub.
Məscid və onun nəznində olan mədrəsə 1924-cü ilədək fəaliyyət göstərib və SSSR dövründə fəaliyyəti qadağan edilib. Mədrəsə və minarə 1933-cü ildə dağıdılmışdır. Sovetlər dövründə bura dəyirman, anbar və xalça muzeyi kimi istifadə olunub. 1992-ci ildən yenidən məscid kimi fəaliyyət göstərir. Elə həmin il burada təmir işləri aparılıb.
Mənbələr:
1. Azerbaycan Respublikasının məscidlerinin ensiklopediyası
2. Fariz Xəlilli. Tarixi yerlər və abidələr 1-ci Beynalxalq Quba simpoziumu.
3. https://sputnik.az/life/20170428/410032640/quba-ehalisinden-misilsiz-qehremanliq.html