Şimal rayonlarında meyvə-tərəvəz qiymətləri Bakıdakı qiymətlərdən fərqlənir. Müxbirlərimiz bunu bugün, 10 iyul tarixində müəyyən ediblər.

Qusarda 1 kiloqram ərik, xiyar, pomidor, lobya və qarpız alıcıya orta hesabla 5 manata başa gəlir. Bakının bazar və supermarketlərində isə bu məhsulları almaq üçün ortalama 6 manat xərcləmək lazımdır.

Bakı və Şimal rayonlarında qiymət fərqi:

Ərik

Bakıda supermarketlərdə ərik 3,2 manata, bazarda isə 3 manata satılır. Qusarda 1 kiloqram ərik 2,25 manatdır.

Qarpız

1 kiloqram qarpız Bakının dükanlarında – 0,24, Qusarda isə 0,40 manatdır.

Xiyar

Bakıda 1 kiloqram xiyarın ortalama qiyməti 0,82 manatdır. Qusarda 0,70 manata başa gəlir.

Pomidor

Bakı supermarketlərində pomidorun 1 kiloqramı 0,86, Qusarda isə 0,73 manatdır.

Lobya

1 kiloqram lobya Bakıda təqribən 1,20 manata satılır. Qusarda isə 0,50 manata başa gəlir.

İyun ayında qida məhsullarının istehsalı üzrə 1,4% qiymətində ucuzlaşma müşahidə olunmuşdur. Lakin 7 iyulda yağan güclü yağış nəticəsində bağçalar və əkin sahələri su basmışdı. Satıcıların sözlərinə görə, yağışın fəsadları xiyar və lobyanın bahalaşmasına səbəb olub – qiymətlər təxminən iki dəfə artıb.